“MEHRİBAN ƏLİYEVA: SİYASƏTDƏ MİLLİ VƏ BƏŞƏRİ DƏYƏRLƏR. ÇIXIŞLAR, MÜSAHİBƏLƏR, MÜRACİƏTLƏR, TƏBRİKLƏR” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Heydər
Əliyev Fondunun beş illik yubileyi ərəfəsində "Mehriban Əliyeva: Siyasətdə
milli və bəşəri dəyərlər. Çıxışlar, müsahibələr, müraciətlər, təbriklər" kitabı
işıq üzü görmüşdür.
Yeni
Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən hazırlanmış kitab Fondun
və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın nəcib və xeyirxah fəaliyyətinə həsr
olunmuşdur.
Nəfis
tərtibatda çap olunmuş kitabda Mehriban xanım Əliyevanın Azərbaycanda və
ölkəmizdən kənardakı tədbirlərdə 2004-cü ilin sentyabrından 2009-cu ilin
martınadək olan dövrdəki çıxışları, müsahibələri, müraciətləri və təbrikləri
toplanmışdır.
Mehriban
xanımın "Bu gün biz sülh və təhlükəsizliklə bağlı bir çox problemlər və
çağırışlarla üzləşən dünyada yaşayırıq. Münaqişələr, beynəlxalq terrorçuluq,
yoxsulluq, xəstəliklər insanların həyatına və daha yaxşı gələcəyə bəslənən
ümidlərinə təhlükə olaraq qalır. Biz həmin çağırışlara birgə cavab verməliyik
və gələn nəsillər üçün daha yaxşı gələcəyi birgə qurmalıyıq" sözləri ilə
başlayan kitabdakı materiallarda Heydər Əliyev Fondu prezidentinin
mədəniyyətin, incəsənətin, elmin, təhsilin, səhiyyənin və idmanın inkişafı
sahəsində fəaliyyəti, eyni zamanda, Ermənistanın ölkəmizə qarşı hərbi
təcavüzünün dünyaya tanıdılması istiqamətində gördüyü işlər əksini tapmışdır.
Rəngli
şəkillərlə zəngin olan kitaba ön sözü BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Bruno Pueza yazmışdır.
www.azertag.com