İRAN DA İNSAN HAQLARINDAN DANIŞARMIŞ
Bəlkə dünya ilə məzələnir?
Ötən həftənin sensasiya sayıla bilən olayı rəsmi Tehranın insan haqlarından danışması oldu. Fəqət bu bəyanat ölkədə hüquqları hər addımbaşı tapdanan vətəndaşlar barədə deyil, İngiltərə hadisələri ilə bağlı idi. Bundan başqa, İran XİN Qərbdə "islamofobiya" ilə bağlı hesabat da hazırlayıb. Sənəddə Qərbdə müsəlman dini azlığının haqqının "tapdanması hallarının artdığı" vurğulanır, bəzi ölkələrdə baş örtükləri, niqabın qadağan olunması haqda qanunlar tənqid edilir. Qərb dözümsüzlükdə ittiham edilir. Hələ İngiltərəyə insan haqlarının vəziyyətini araşdırmağa heyət də göndərməyə hazırdırlar. Ölkə vətəndaşlarına deyilib ki, İngiltərəyə getməsinlər, orada xaricilərin həyatı üçün risklər var.
Bəlkə İranda insan haqları məsələsində bir cənnət yaradılıb? Odur ki, onların bu mövzuda danışmağa mənəvi haqları var? Ən son xəbərlər:
Ötən həftə Təbrizdə bütöv bir ailəyə məhkəmə qurulmuşdu. GünAzTV-yə əsasən, Zəhra Ciddi, Mərziyə Ciddi və Əli Əmini "polisə qarşı zorakılıqda" ittiham edilir. Bu ailənin hər üç üzvü 4-cü dəfədir mühakimə olunur. Onlar Dünya Ana Dili Günü ərəfəsində (fevralda) Təbrizin Bazar məhəlləsində bildiriş yaymaqda şübhəli bilinərək saxlanıblar. Ailə üzvləri polis idarəsinə aparılmış, fiziki və mənəvi işgəncəyə məruz qoyulmuşdur...
Əmir Rzayi Güney Azərbaycanın Urmiya Universitetində "Vilayəti -fəqih"ə həsr olunmuş toplantıda bir çıxışa etiraz etdiyinə görə cəzalanıb. Bu tələbə belə bir etiraza cürət etdiyinə görə universitetdən qovulub. İnsan haqlarını müdafiə qurumlarının hesabatlarında onun adı siyasi mövqeyinə görə dəfələrlə tutulanlar sırasındadır.
Bəlkə İranda dini azlıqlara tolerant münasibət var? Hələ ötən ay Amol şəhərində bəhai Huşəng Fənaian "Ziyafət" adlı dini iclaslara qatılmaqda və "Facebook" ictimai şəbəkəsinə üzvlükdə təqsirli bilinib. Ona qarşı "ali rəhbəri təhqir" ittihamı irəli sürülüb və 4 il azadlıqdan məhrum edilib. Onun vəkili heç məhkəmə iclasına buraxılmayıb.
İki il əvvəl Rəştdə 32 yaşlı protestant keşiş Yusif Nadirxaniyə ölüm hökmü çıxarılmışdı. Bu adam "mürtədlikdə" və "müsəlmanlar arasında xristianlığı təbliğdə" suçlanır. Ali Məhkəmə bu hökmü ləğv edib, amma onu tövbəyə çağırıblar. Əgər tövbə edib müsəlmanlığa qayıdarsa, işə xitam verilə bilər. Bu adam 19 yaşında ikən islamdan xristianlığa keçib. Bundan sonra hazırda "İran kilsəsi" adlanan İncil icmasının keşişi olub. Onun xanımı Fatimə Pəsəndidə də xristianlığı qəbul etdiyi üçün ömürlük həbsə məhkum edilmişdi, ötən il sərbəst buraxıldı.
İnsanları inanclarına və ya vicdan azadlığına görə təqib edən hakimiyyət islam məzhəblərinin təmsilçiləri arasında da ayrı-seçkilik qoymaqdadır. Sünni ruhanilər buna açıq etiraz edirlər.
Tehran insan haqlarını pozduğuna görə beynəlxalq tənqidə, yasaqlara məruz qalır. AB bu ölkədə ölüm hökmünün ləğv edilməsinə çağırır. Onu da əlavə edək ki, BMT İnsan Haqları Şurası tərəfindən İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçi təyin edilib. Şura İranda müxalifətin təqib edilməsi və ölüm hökmlərinin çoxluğundan rahatsızlığını bildirib. Buna İranın reaksiyası sərt olub. Xüsusi məruzəçi Əhməd Şahidi ölkəyə buraxılmır...
S.SƏDRƏDDİN
http://www.ayna.az/2011-08-27/guney/6866-haqq%20britaniya%20vetendash