"MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI HAQQINDA" QANUNUN KOMMENTARİYASI NƏŞR OLUNUB
Azərbaycan Hüquqşünasları Konfederasiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Avrasiya Hüquqşünaslar Assosiasiyasının birgə əməkdaşlığı nəticəsində hazırlanmış 132 səhifəlik kommentariyanın müəllifi Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevdir.
Kitabda "məişət zorakılığı" termininin anlayışı, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq normativ aktların xüsusiyyəti, habelə xarici ölkələrin və Azərbaycan təcrübəsinin təhlili ilə yanaşı, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun maddələrinə dair kommentariya verilib.
Kitab 4000 tirajla azərbaycanca nəşr olunaraq bütün hüquq-mühafizə orqanları akademiyalarında və hakimlər, vəkillər, prokurorlar arasında qanunun düzgün qavranaraq tətbiqi məqsədi ilə yayılacaq.
Kitabın elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, rəyçilər - siyasi elmlər doktoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, hüquq elmləri doktoru, MM Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, hüquq üzrə fəlsəfə doktoru, AMEA İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun Vətəndaş və siyasi hüquqlar şöbəsinin müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilovdur.
http://www.ayna.az/2011-12-10/Cemiyyetden_aileye/7849-